Enerji içkiləri ilə bağlı qaydalar müəyyənləşdi - Rəsmi

 
14-06-2019, 14:00            98 dəfə baxılıb
 

Qida Təhlükəsizliyi Agentliyi (AQTA) enerji içkiləri ilə bağlı qaydaları müəyyənləşdirib. 

Agentlikdən “Qafqazinfo”ya daxil olan məlumata görə, enerji içkilərinin tərkibində mövcud olan kofein, taurin, qlükoronolakton, inozitol, amin turşular, B qrupu vitaminlər və s. digər stimullaşdırıcı komponentlər bədəndə qan dövranının sürətlənməsini, mərkəzi sinir sistemində hormonların və insulinin ifrazını stimullaşdırır. Belə ki, enerji içkiləri orqanizmdə əlavə enerji mənbəyi kimi yox, onun daxili resurslarından məcburi intensiv istifadənin gücləndiricisi kimi çıxış edir. Nəticədə bu içkilər xüsusən yeniyetmə və gənclərdə orqanizmin daxili ehtiyat qüvvəsinin daha tez tükənməsinə, mərkəzi sinir sisteminin işinin pozulması, depressiya, yuxusuzluq və əsəb gərginliyinə səbəb olur. 

Enerji içkilərinin tərkibindəki stimullaşdırıcı komponentlərin normadan artıq istifadəsi ürək infarktı riskinin artmasına, ürəkbulanma, diareya, qusma, dəridə qızarmalar, epiqastral nahiyədə spazma, susuzluq, bulanıq görmənin meydana gəlməsinə səbəb olur.

Bu səbəbdən “Enerji içkilərinə dair sanitariya norma və qaydaları” qəbul edilib. Qaydalarda bu məhsulların minimum keyfiyyət göstəricilərinə, təhlükəsizliyinə, qablaşdırılmasına, etiketlənməsinə, daşınmasına və saxlanmasına, habelə həmin məhsulların istehsalında istifadə olunan xammal və materiallara dair məcburi tələbləri əks etdirir. 

Tələblərə əsasən enerji içkilərinin 100 ml-də kofeinin maksimum miqdarı 32 mq, taurinin maksimum miqdarı 200 mq, inozitol 20 mq, qlükoronolakton 200 mq, kreatinin maksimum miqdarı 1 mq müəyyən edilib. Həmçinin enerji içkilərinin 100 ml-də Vitamin B2-nin maksimum miqdarı 0.34 mq, Vitamin B3 1.4 mq, Vitamin B5 1 mq, Vitamin B6 0.04 mq və Vitamin B12-nin maksimum miqdarı 0.0004 mq-dan çox olmamalıdır.

“Enerji içkilərinə dair sanitariya norma və qaydaları”nda göstərilir ki, enerji içkilərinin istehsalında alkoqoldan istifadə qadağandır. Enerji içkilərinin etiketlərində mütləq “Enerji içkisi”, "Tərkibində GMO yoxdur", "Alkoqol ilə qarışdırılaraq və ya birlikdə istifadə edilməməlidir", "18 yaşdan aşağı şəxslərə, yaşlılara, hamilə və süd verən qadınlara, diabetdən, ürək fəaliyyətinin pozuntusundan, böyrək çatışmazlığından, hipertonik xəstəliklərdən, sinir oyanıqlığından, yuxusuzluqdan əziyyət çəkən şəxslərə, metabolizm problemi olan insanlara istifadəsi tövsiyə olunmur”, "Gündəlik olaraq 500 ml-dən çox istifadə olunması tövsiyə edilmir” yazıları qeyd edilməlidir.

Qeyd edək ki, “Enerji içkilərinə dair sanitariya norma və qaydaları” qəbul edildiyi gündən 60 gün sonra qüvvəyə minir.шаблоны для dle 11.2





 
 


Reklam
 
Xəbər lenti

 
Təqvim
«    Sentyabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30