Şabran Rayon İcra Hakimiyyətindən böyük NARAZILIQ

 
28-06-2019, 14:18            455 dəfə baxılıb
 
Bələdiyyə sədri və Reyestr xidmətinin əməlləri ört-basdır edilir.
Fevralın 8-i 2019-cu il tarixində Serhed.az saytında Şabran rayon sakini Altay Əliyevin şikayəti əsasında yazı dərc olunmuşdur. Yazıda Əliyevlər ailəsinə ayrılmış pay torpaq sahəsinin heç bir xəbərdarlıq edilmədən əllərindən alınması barədə məlumat verilmişdir. Serhed.az saytı olaraq sözügedən məsələni diqqətdə saxlayacağımızı bildirmişdik.
Təəssüflər olsun ki, məqalənin saytda dərc olunmasından 5 aya yaxın vaxt ötməsinə baxmayaraq, hələ də Əliyevlər ailəsi onlara məxsus olan torpaq sahəsini ala bilməmişdir. Ailə üzvü olan Altay Əliyev saytımıza verdiyi açıqlamada qeyd edir ki, dəfələrlə Şabran Rayon İcra Hakimiyyətinə, Dağ Bilici kənd bələdiyyəsinə, yerli Aqrar İslahat Komissiyasına və digər əlaqədar qurumlara müraciət etsə də, problem öz həllini tapmamışdır. Müsahibimiz məsələ ilə bağlı Milli Məclisin Bələdiyyələr Komissiyasına, Mərkəzi Seçki Komissiyasına, Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə, eləcə də Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya müraciət etməyi planlaşdırır.
Məsələ ilə bağlı dəfələrlə Şabran Rayon İcra Hakimiyyətində olsa da, onun şikayətini dinləyən, problemi ilə maraqlanan olmadığını bildirir. Altay Əliyev qeyd edir ki, onun ailəsinə məxsus torpaq sahəsi qanunsuz şəkildə zəbt edilmişdir. Belə ki, əlində olan sənədlərə əsasən həmin torpaq sahəsi keçmiş Dəvəçi indiki Şabran rayon Aqrar İslahat Komissiyası 27.02.1998-ci il tarixində 02 nömrəli qərarla Əliyevlər ailəsinə 3,53 hektar pay torpağ  sahəsi ayrıb. Ayrılan torpaq sahəsi istifadəyə yararsız olduğu üçün 25 yanvar 2000-ci ildə onların ailəsinə yeni torpaq sahəsi verilmişdir. Əliyevlər ailəsinin yeganə gəlir mənbəyi olan sahə artıq bir ilə yaxındır ki, onlardan qanunsuz şəkildə alınmış və ailəyə heç bir xəbərdarlıq edilməmiş, məsələ ilə bağlı icra nümayəndələrinə ünvanlanan suallar cavabsız qalmışdır.
Məsələ ilə bağlı fevral ayında saytımızda dərc olunan məqalədə torpaq sahəsinin Əliyevlər ailəsinə məxsus olduğunu təsdiq edən sənədlərin fotoşəkilləri də təqdim olunmuşdur. Müsahibimizin sözlərinə görə, həmin sənədlərin əsli və surətləri Şabran rayonunda adiyyatı qurumlara da təqdim edilmişdir. Torpaq sahəsinin bu ailədən hansı səbəbə alınması ilə bağlı nə icra hakimiyyəti, nə bələdiyyə, nə də digər qurumlar əsaslı səbəb göstərə bilmir.  Şabran Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Mehdi Balabəyov 19 iyun 2019-cu il tarixində Altay Əli oğlu Əliyevə göndərdiyi rəsmi məktubda qeyd edir ki, sözü gedən torpaq sahəsi bələdiyyəyə deyil, başqa bir şəxsə məxsusdur. Lakin həmin şəxsin kim olduğu və hansı sənədlər əsasında torpağa sahiblik etmək hüququna malik olması açıqlanmır. Belə olan halda müsahibimiz Altay Əliyev haqlı olaraq sualların yarandığını söyləyir. O deyir ki, əgər torpaq sahəsinin bələdiyyəyə heç bir adiyyatı yoxdursa, o zaman bizim ailəyə məxsus pay torpağını bələdiyyə hansı əsasla əlimizdən alır? Daha sonra Altay Əliyev saytımıza açıqlamasında qeyd edir ki, əgər icra hakimiyyəti torpaq sahəsinin bələdiyyəyə aid olmadığını əvvəlcədən bilirdisə, o zaman nəyə görə torpağın satılmadığını və bələdiyyəyə məxsus olduğunu qeyd edirdi? İndi isə rəsmi məktubla öz dediklərindən imtina edirlər. Bütün bu suallar hələki cavabsız qalıb.
Onu da qeyd edək ki, aldığımız məlumata görə Dağ Bilici kənd bələdiyyəsinin sədri Məhəmməd Ağarzayev Şabran Rayon İcra Hakimiyyətinin birinci müavini Mehdi Balabəyovun yaxın qohumudur. Onlar bu qohumluq əlaqələrindən istifadə edərək gələn şikayətləri özlərinə sərf edən variantda “həll edirlər”.
 Serhed.az saytı olaraq məsələni diqqətimizdə saxlamaqda davam edəcəyik. Problemli məsələ ilə bağlı qarşı tərəfi də dinləməyə hazırıq. Bütün bunlara rəğmən ümidvarıq ki, Azərbaycan Respublikasının Prezidenti tərəfindən yeni təyin olunan Şabran Rayon İcra Hakimiyyəti Başçısı cənab Asif Hüseynov uzun müddətdir davam edən torpaq problemini həll edəcək, vətəndaş narazılığına son qoyacaqdır.
P.S. Əliyevlər ailəsinə məxsus pay torpağının qanunsuz qəsb edilməsi ilə bağlı 2 fevral 2019-cu ildə saytımızda dərc edilmiş məqalə ilə bu linkdə tanış ola bilərsiz http://serhed.az/gundem/1967-sabran-rayon-sakininin-torpagi.htmlшаблоны для dle 11.2





 
 


Reklam
 
Xəbər lenti

 
Təqvim
«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031