Girovun qardaşı: "Anam az qala hər gün Şahbazı qınayır…"

 
9-09-2019, 21:31            74 dəfə baxılıb
Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) nümayəndələri Dağlıq Qarabağda saxlanılan azərbaycanlı girovlar Şahbaz Quliyevlə Dilqəm Əsgərova avqust ayında baş çəkməyiblər.
Serhed.az xəbər verir ki, BQXK-nın Azərbaycan nümayəndəliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən Modern.az-a verilən məlumata görə, axırıncı dəfə girovlara iyul ayında baş çəkilib.
Qurumdan növbəti görüşün nə zaman olacağını öyrənməyə çalışsaq da, bununla əlaqədar məlumat verilmədi. Bununla yanaşı, avqust ayında baş çəkilməməsinin səbəbi də mətbuata məlum deyil.
Şahbaz Quliyevin qardaşı Manaf Quliyev son proseslər barədə Modern.az-a danışıb. Onun sözlərinə görə, ailəsi Şahbaza məktub yazıb, artıq məktub BQXK-ya təqdim edilib:
“Avqustda bizə heç bir məlumat verilmədi. Girovlara baş çəkmədiklərini dedilər. Amma sentyabr ayı üçün məktubumuzu yazıb, qardaşıma çatdırmaları üçün komitəyə təqdim etmişik. Ümid edirik ki, bu ay görüş olar, qardaşımın səhhəti ilə bağlı çox nigaranıq”.

M.Quliyevin sözlərinə görə, sonuncu görüşdə BQXK nümayəndəsi olan həkim girovları müayinə edib:
“Bizə dedilər ki, BQXK əməkdaşları girovlara baş çəkəndə qurumun nümayəndəsi olan gürcü həkim onları müayinə edib. Amma həmin həkim indi məzuniyyətdədir. O qayıdanda bizimlə əlaqə yaradacaqlar. Yəqin ki, məlumat ala biləcəyik”.
Qardaşı Şahbaz Quliyevin ailəsinin durumu haqqında da məlumat verib:
“Həyat yoldaşı və qızı Mehdiabad qəsəbəsində yaşayır. Həyat yoldaşı elə o vaxtdan düzəldiyi işdə çalışır, cəmi 350 manat maaş alır. Biz də arabir maddi kömək edirik. Amma yenə də dolanışığı çətindir. O pulla kim normal dolana bilər ki?! Ailənin heç bir qurum, şirkət, yaxud dövlət tərəfindən maddi dəstəyi yoxdur.
Ailədə Şahbazın girovluqda olduğunu bilməyən təkcə anamdır. Artıq 5 ildir, anama hələ də həqiqəti deyə bilməmişik. Az qala hər gün Şahbazı qınayır, niyə Rusiyadan qayıtmadığını (ona demişik ki, qardaşımız Rusiyadadır), niyə zəng etmədiyini soruşur. Hər dəfə bir bəhanə ilə sakitləşdiririk. Artıq 85 yaşı var, ahıl Anaya necə deyə bilərik ki, oğlun erməni girovluğundadır?!”.
Şahbaz Quliyevin digər qardaşı İlham Quliyev isə BQXK ilə girovun yaxınları arasındakı müqavilənin şərtlərini pozduğuna görə quruma buraxılmır. Bu barədə saytımıza İ. Quliyev özü məlumat verib:
“Qızıl Xaç Komitəsi ilə aramızda razılaşma olub ki, onların ailəmizə verdiyi məlumatları gizli saxlayacağıq. Mən isə bununla razılaşmaq istəmirəm. Bir neçə ay əvvəl qardaşımın videosunu bizə təqdim etdilər. Aydın görünürdü ki, Şahbazın səhhətində problemlər var, vəziyyəti yaxşı deyil. Mən onda BQXK-dan tələb etdim ki, həmin videonu mətbuatda yaysınlar. Hər kəs, ölkə başçısı da Dilqəm və Şahbazın ermənilər tərəfindən necə saxlandığını görsün. Beynəlxalq  qurumlara müraciət edilsin. Amma onlar bunu düzgün başa düşmədilər. Mən isə videogörüntü haqqında mətbuata məlumat verdim. Ona görə də hazırda məni BQXK-ya buraxmırlar, məlumat gələndə də çağırmırlar. Amma ailəmizin digər üzvləri  qurumla mütəmadi şəkildə əlaqə saxlayır, Şahbaza məktub yazırlar”.
Dilqəm Əsgərovun oğlu Kürdoğlu  Əsgərov isə bir müddət əvvəl saytımıza açıqlamasında atasından  sonuncu dəfə 2017-ci ilin noyabr ayının 1-də məktub aldıqlarını deyib:
“O vaxtdan indiyədək ondan rəsmi qaydada nə məktub, nə də şəkil, nə də videogörüntü ala bilmişik.  İki ildir ki, yalnız şifahi məlumat alırıq. Şifahi məlumatda da dediklərinə görə atamın səhhətində ciddi problem yoxdur. Lakin mən hər zaman Beynəlxalq Qırmızı Xaç Komitəsinə bildirirəm ki, məktub, şəkil olmasa da, ən azından atamın görüntüsünü bir dəqiqəlik də olsa, çəkib mənə göstərsinlər. Atamın dilindən eşitmək istəyirəm ki, həqiqətən də, onun səhhətində ciddi problem yoxdur.
Beynəlxalq Qırmızı Xaç Komitəsi deyir ki, atan özü məktub yazmaq istəmir, lakin mən buna inanmıram.
Məktubu özü yazmaq istəmir, başa düşdüm. Lakin  siz niyə bir dəqiqəlik də olsa, videogörüntü, şəkil çəkib bizə göstərmirsiniz. Ən azından bunları edin ki, dediklərinizə əmin olaq”.
Qeyd edək ki, 2014-cü ilin iyul ayında Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşı  Şahbaz Quliyev Kəlbəcərdə öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan əsgərləri tərəfindən girov götürülüblər, Azərbaycan vətəndaşı Həsən Həsənov isə güllələnərək öldürülüb. H.Həsənovun meyiti düşməndən alınaraq Bakıda dəfn edilib.
İşğal altındakı Dağlıq Qarabağda D.Əsgərov və Ş.Quliyev üzərində qanunsuz "məhkəmə” qurulub. "Məhkəmə”nin qərarı ilə D.Əsgərov ömürlük, Ş.Quliyev 22 il müddətinə azadlıqdan məhrum edilib.шаблоны для dle 11.2





 
 


Reklam
 
Xəbər lenti

 
Təqvim
«    Sentyabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30