Brüsseldə Qarabağ mitinqi keçirilib - FOTOLAR

 
23-02-2019, 23:18            77 dəfə baxılıb
 
Brüsseldə keçirilən Ümumavropa Qarabağ mitinqi başa çatıb. Mitinqdə Avropada yaşayan çox sayda azərbaycanlı iştirak edib. 

Mitinqin sonunda qətnamə oxunub. Qətnamədə Ermənistanın Azərbaycana qarşı işğalçı siyasəti pislənilib. Qeyd olunub ki, bu ölkə hələ də BMT və digər beynəlxalq təşkilatların Dağlıq Qarabağ münaqişəsi ilə bağlı müvafiq qətnamələrini yerinə yetirməyib.

***

Brüsseldə Ümumavropa Qarabağ mitinqi başlayıb. 

Mitinqdə Avropada yaşayan çox sayda azərbaycanlı iştirak edir. 

Mitinq Üzeyir Hacıbəyovun “Koroğlu” uvertürası və Azərbaycan Respublikasının dövlət himni ilə başlayıb.

Daha sonra mitinq iştirakçıları Xocalı soyqırımında qətlə yetirilmiş 613 şəhidin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Mitinqdə çıxış üçün söz Belçika-Azərbaycan Dostluq Cəmiyyətinin sədri Ayxan Dəmirçiyə verilib. 

“Dünya təşkilatlarına müraciət edirik. Niyə qulaqlarınızı bizə qapayırsınız? Xocalıda 613 nəfər vəhşicəsinə qətlə yetirilib, Dağlıq Qarabağ və ətrafındakı rayonlardan bir milyondan çox insan öz yurd-yuvalarından didərgin düşüb. Bu vəhşəti niyə görmürsünüz? Bizə yaxşı qulaq asın!

Kiminsə torpağında gözümüz yoxdur. Öz haqqımızı tələb edirik. Ümid edirik ki, Avropa İnsan Haqları Təşkilatı, Avropa Komissiyası və Avropa Birliyi bu problemin həllində bizə yardımçı olacaq və birlikdə bunu həll edəcəyik”, - Dəmirçi qeyd edib.

Daha sonra Almaniya azərbaycanlılarının Koordinasiya Şurasının sədri Yaşar Musayev, Azərbaycan-İtaliya Gənclər Assosiasiyasının (AİGA) sədri Məryəm Mehdiyeva, Azərbaycan-Türk Kültür Dərnəyinin rəhbəri İlhan Aşkın, Azərbaycanın görkəmli memarı Ömər Qoçulu, “Ana vətən” Niderland Azərbaycanlı Qadınlar Bilriyinin sədri Maisə Ağamirzəyeva, Alman-Azərbaycan Mədəniyyət Evinin nümayəndəsi Altay Rüstəmli, Benilüks Azərbaycanlıları Konqresinin sədri Elsevər Məmmədov və digərləri çıxış edib.

***

Diasporla İş üzrə Dövlət Komitəsi dünya azərbaycanlılarına müraciət edib. 

Müraciətdə deyilir:

“Əziz həmvətənlər, dəyərli soydaşlar!

Azərbaycan xalqı hər zaman ümummilli məsələlərdə birlik və bərabərlik nümayiş etdirib. Xaricdə yaşayan soydaşlarımız Azərbaycanın haqq səsinin dünyaya çatdırılmasında daim fəallıq göstərərək Azərbaycanı narahat edən problemlərə biganə qalmayıblar. 

Hər birimizə məlum olduğu kimi, Xocalı soyqırımının 27-ci ildönümü ərəfəsindəyik. Bununla əlaqədar olaraq, dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatlarının təşəbbüsü ilə 23 fevralda, yerli vaxtla saat 14:00-da Avropanın siyasi mərkəzi olan Brüsseldə Ümumavropa Qarabağ mitinqi keçiriləcək.

Mitinq zamanı yüzlərlə soydaşımız “Azərbaycan sülh istəyir!”, “Qarabağa geri qayıtmaq istəyirik!” “Xocalıya ədalət!”, “Dilqəm və Şahbaza azadlıq!” şüarları ilə Avropa Parlamentinə və digər nüfuzlu beynəlxalq təşkilatlara çağırış edəcəklər.

Əziz soydaşlarımız, Sizləri mitinqdə fəal olmağa, haqq səsimizin beynəlxalq aləmə çatdırılmasında aktiv iştirak etməyə çağırırıq. 

Dəyərli həmvətənlərimiz, bu, həm Xocalı soyqırımı qurbanlarının, həm də şəhidlərimizin müqəddəs ruhları qarşısında mənəvi borcumuzdur”.


шаблоны для dle 11.2





 
 


Reklam
 
Xəbər lenti

 
Təqvim
«    İyun 2019    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930