Avropa İttifaqı-Azərbaycan münasibətlərinin demokratik cəmiyyət quruculuğunda rolu

 
30-06-2019, 12:24            108 dəfə baxılıb
 
Nədənsə bu gün Azərbaycanda demokratik vətəndaş cəmiyyətinin qurulmasından söz düşdükdə, bəziləri 101 il bundan əvvəl Şərqdə ilk demokratik respublikanın Azərbaycanda yarandığını vurğulamaqla hər şeyin öz qaydasında olduğunu sübut etməyə çalışır. Doğrudur, 1918-ci ildə yaranan Azərbaycan Xalq Cümhuriyyəti öz vətəndaşlarına geniş hüquq və azadlıqlar verməklə, ölkədə söz və mətbuat azadlığını təmin etməklə, qadınlara səsvermə imkanı yaratmaqla demokratik vətəndaş cəmiyyəti quruculuğunda uğurlar əldə etmiş, hətta bu sahədə bir sıra Avropa ölkələrini də qabaqlamağa nail olmuşdur.
Bu gün isə vəziyyət bir qədər fərqlidir. XXI əsr demokratiyasının öz tələbləri var. Əgər hər hansı bir xalq qarşısına demokratik cəmiyyət qurmaq məqsədi qoyubsa, o zaman nostalji hisslərlə deyil, dövrün reallığı ilə yaşamalı, məqsədinə çatmaq üçün dünyanın demokratik ölkələrinin nümunələrindən faydalanmalıdır.
70 il Sovet rejiminin dəmir məngənəsində yaşamağa məcbur olan Azərbaycan xalqı 1991-ci ildə yenidən müstəqillik əldə etməyə nail oldu. Uzun müddət “xalqlar dostluğu həbsxanası”nın məhkumu olan Azərbaycan türkləri yeganə çıxış yolunu azad vətəndaş cəmiyyəti qurmaqda, demokratik qanun və qaydalarla idarə olunan dövlət yaratmaqda görürdülər. Bəs əsrlər boyu Şərq aləminin bir hissəsi olan Azərbaycan müasir demokratik cəmiyyət necə qurulacaq? Şübhəsiz ki, bu sualın cavabını köhnə dünyada – Avropada axtarmaq lazım idi. Azərbaycan kimi yenicə istiqlaliyyət əldə etmiş ölkələr Avropa yolunu tutmalı, Qərbə inteqrasiyanı əsas hədəf kimi seçməli idilər.
Azərbaycanla Avropa İttifaqı (Aİ) arasında əməkdaşlığın əsası 1991-ci ildə qoyuldu. 1990-cı illərin əvvəllərində Azərbaycanda vəziyyət gərgin olsa da, Avropa İttifaqı ilə yaxınlaşma gələcəyə ümidlə baxmağa əsas verirdi. Azərbaycanın Avropaya inteqrasiya istiqamətində atdığı ən önəmli addımlardan biri isə 1996-cı ilə təsadüf edir. Həmin ildə Azərbaycan dövləti Avropa İttifaqı ilə “Tərəfdaşlıq və Əməkdaşlıq Sazişi”ni imzaladı və bu sənəd 1999-cu ildə qüvvəyə mindi. Saziş bir sıra mühüm sahələri – insan hüquqları, qanunvericilik, ticarət, mədəniyyət, elm, iqtisadiyyat və s. əhatə edirdi. Avropa İttifaqı ilə imzalanan “Tərəfdaşlıq və Əməkdaşlıq Sazişi” gənc Azərbaycan Respublikası üçün böyük önəm daşıyırdı. Bu həm də demokratik cəmiyyət quruculuğunda irəli atılmış addım idi.
Şərqlə-Qərbin qovuşduğu ərazidə yerləşən və neft-qaz ölkəsi olan Azərbaycanla əməkdaşlıqda Avropa İttifaqı da maraqlı idi. Bunu 1998-ci ildə TRASEKA üzrə beynəlxalq konfransın Bakıda keçirilməsi də sübut edir. Həmin konfransda 32 dövlətin nümayəndələri ilə yanaşı 13 beynəlxalq və regional qurum da iştirak etmiş və sonda “Avropa-Qafqaz-Asiya nəqliyyat-kommunikasıya dəhlizinin iştirakına dair çoxtərəfli saziş” imzalanmışdır. Bundan əlavə məhz 1998-ci ildə Avropa İttifaqı Azərbaycana xüsusi elçi təyin etmişdir. Bütün bunlar Avropa İttifaqına üzv olan dövlətlərin Azərbaycana verdikləri xüsusi önəmin bariz nümunəsidir.
Sonrakı illərdə də Aİ-Azərbaycan münasibətləri yüksələn xətt üzrə davam etmişdir. Avropa İttifaqı ilə əməkdaşlıq Azərbaycanın iqtisadi inkişafı ilə yanaşı demokratik cəmiyyət quruculuğuna da müsbət mənada təsir göstərmişdir. İmzalanan müqavilələr, birgə həyata keçirilən proqramlar Azərbaycanda vətəndaş cəmiyyəti quruculuğunda özünü göstərməyə başlayırdı. Demokratiyanın əsas prinsiplərindən olan vətəndaşların hüquq və azadlıqlarının, eləcə də mətbuat, söz, vicdan azadlığının təmin olunması, məhkəmələrdə ədalətli mühitin yaradılması Azərbaycanın Avropaya yaxınlaşma siyasəti nəticəsində mümkün olmuşdur.
Bu gün Azərbaycanda tam demokratik mühitin yaradıldığını da iddia edə bilmərik. Hələ bir çox çatışmazlıqlar özünü göstərməkdədir. Mövcud problemlərin aradan qaldırılması üçün Avropa İttifaqı ilə əməkdaşlıq daha yüksək səviyyədə həyata keçirilməlidir. Aİ-nin ölkəmiz qarşısında qoyduğu tələblər tam şəkildə reallaşmalıdır. İttifaqın 2008-ci ildə irəli sürdüyü Şərq Tərəfdaşlıq təşəbbüsü Azərbaycanla yanaşı Ukrayna, Moldova, Belarus, Gürcüstan və Ermənistanın da Avropaya yaxınlaşmasını və bu ölkələrdə demokratik cəmiyyətin qurulmasını əsas hədəf kimi müəyyən etmişdir. Şərq Tərəfdaşlığı təşəbbüsü sübut edir ki, Avropa dövlətləri də köhnə dünya ilə qonşu olan ölkələrin demokratik cəhətdən inkişaf etməsində maraqlıdırlar. 2009-cu il 7 may tarixində Praqada baş tutan Zirvə toplantısında Birgə Bəyannamənin qəbul olunması da bu maraqlara xidmət edirdi.
Qısa müddət ərzində Avropa İttifaqı ilə Azərbaycan arasında insan hüquqları və demokratikləşmə sahəsində onlarla əməkdaşlıq müqavilələri imzalanmışdır. 2007-ci ildən başlayaraq Bakıda, Lüksemburqda və Brüsseldə Aİ-Azərbaycan Parlamentlərarası Əməkdaşlıq Komitəsinin bir neçə iclası keçirilmiş, hər iki tərəf üçün önəmli qərarlar qəbul edilmişdir. 2009-cu ildə Azərbaycan Aİ-nin Şərq Tərəfdaşlığı proqramı çərçivəsində “Demokratiya, yaxşı idarəçilik və sabitlik” üzrə 1-ci, bir müddət sonra isə 4-cü “insanlararası əlaqələr” üzrə platformalarda yaxından iştirak etmişdir. 2015-ci ildə Avropa İttifaqı tərəfindən Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi və Baş Prokurorluq yanında Korrupsiyaya qarşı mübarizə Baş İdarəsinə təqdim olunmuş “Azərbaycanda ədliyyə sisteminin inkişafına və məhkəmə qərarlarını icra edən qurumların göstərdiyi xidmətlərin təkmilləşdirilməsinə dəstək” layihəsi Azərbaycanda demokratik cəmiyyət quruculuğu istiqamətində hazırlanmış mühüm sənədlərdən biridir. Layihədə təklif olunan müddəaların həyata keçirilməsi ədliyyə və məhkəmə sistemində olan qüsurların aradan qaldırılmasına xidmət edir. Bu gün Azərbaycanda demokratik inkişafı ləngidən əsas problemlər daha çox adıçəkilən qurumlarda özünü büruzə verir. Avropa İttifaqı ilə ciddi əməkdaşlıq bu problemlərin də aradan qaldırlmasına xidmət etmiş olacaq.
Azərbaycanda demokratiyanın  qələbə çalması üçün Avropa İttifaqı ilə əməkdaşlıq təkcə hökumət tərəfindən həyata keçirilməməlidir. Burada vətəndaşların şəxsi təşəbbüsləri, eləcə də qeyri-hökumət təşkilatları, müxalifət partiyaları, digər dövlətdən asılı olmayan qurumlar da fəallıq göstərməlidirlər. Çünki demokratik cəmiyyət bütün vətəndaşları əhatə edir və belə bir cəmiyyətdə yaşamağın üstünlüklərindən hər kəs bərabər şəkildə yararlanmaq imkanı əldə edir. Avropa İttifaqı Şərq Tərəfdaşlığı proqramı çərçivəsində əməkdaşlıq etdiyi ölkələrin həm siyasi, həm də qeyri-siyasi təşkilatları ilə əməkdaşlığa hazır olduğunu bəyan etmişdir. Təsadüfi deyil ki, son dövrlərdə Azərbaycan və Avropa İttifaqı arasında imzalanacaq saziş üzrə danışıqlar həm iqtidar, həm də müxalifət nümayəndələri ilə aparılır, avropalılar hər iki tərəfin fikir və düşüncələrini öyrənməyə çalışırlar. Bu sazişin imzalanması Azərbaycanda demokratiyanın inkişafına böyük təkan verəcəyi gözlənilir.
SSRİ süqut etdikdən sonra müstəqil olan respublikaların böyük əksəriyyəti Avropaya inteqrasiya yolunu tutdu. Azərbaycan da həmin respublikalardan biri idi. Lakin digər postsovet ölkələrinə, daha dəqiq desək, Baltikyanı respublikalara, Ukraynaya, Belarusa, Moldovaya, Gürcüstana nisbətən Azərbaycanda bu proses bir qədər ləng inkişaf edirdi. Bunun başlıca səbəbi Azərbaycanın tarixən Qərbdən daha çox Şərqlə bağlı olması ilə izah oluna bilər. İstər milli-mənəvi dəyərlər, istər ailə dəyərləri, dövlət-vətəndaş münasibətləri bizdə Avropadan daha fərqlidir. Buna görə də Avropaya kor-koranə inteqrasiya cəmiyyət üçün müəyyən fəsadlar törədə bilər. Azərbaycan Avropadan demokratik dəyərləri mənimsəməklə inkişafa nail ola bilər. Avropa İttifaqının Azərbaycanda həyata keçirdiyi tədbirlər, ölkəmizlə imzalanan müqavilələr, həyata keçirilən bir sıra sosial proqramlar da məhz bu inkişafa hesablanmışdır. Azərbaycanda demokratik vətəndaş cəmiyyətinin daha yüksək səviyyədə olmasını istəyiriksə, Avropa İttifaqı ilə əməkdaşlığı daha intensivləşdirməli, bu ali qurumun həyata keçirdiyi tədbirlərə vətəndaş olaraq dəstək verməliyik. İnanırıq ki, Azərbaycan dövləti ilə Avropa İttifaqı arasında münasibətlər sonrakı illərdə də davam edəcək və ölkəmizdə demokratik cəmiyyət quruculuğu prosesi daha da sürətlənəcək.

Orxan İsayev 
шаблоны для dle 11.2





 
 


Reklam
 
Xəbər lenti

 
Təqvim
«    İyul 2019    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031