Arzu və istəklər ölməzdir

 
6-06-2018, 12:08            1 293 dəfə baxılıb
       Azər Fəzi oğlu Kərimov 1953-cü ildə Göyçə mahalında dünyaya gəlib və  kiçik ikən ata-babaları ilə doğma yurdlarından didərgin salınıb, Bərdə rayonuna pənah gətiriblər. Göyçədən didərgin salınanlar kəndlərinin adını yaşatmaq üçün Yeni Daşkənd adlı yurd salıblar. Azər bu kənddə orta təhsil alır və məktəbi əla qiymətlərlə oxuyub, başa vurur, ali təhsil almaq üçün Bakıya gəlir, Azərbaycan Politexnik İnstitutunun iqtisadiyyat fakültəsinə daxil olub, fərqlənmə diplomu ilə onu bitirir. İnstitut istedadlı məzununu öz ocağında saxlamağa qərar versə də, o, təhsilini artırmaq üçün aspiranturanı Moskvada davam etdirir və tezliklə dissertasiya müdafiə edərək “elmlər namizədi” alimlik dərəcəsi adını qazanır. İşgüzar müəllimlik fəaliyyətinə görə Ümumittifaq Ali Attestasiya Komissiyası tərəfindən “Dosent” elmi adına layiq görülür, yaradıcılığındakı elm işinin nəticələrinin qiymətini Moskva şəhərində tapır. 
Elm-texnika sahəsindəki nailiyyətlərinə görə institutun yeganə gənc alimi olaraq o, Azərbaycan SSR Lenin Komsomolu mükafatına layiq görülür. Çalışqanlığı, elmi işinin göstəriciləri xaricin təhsil ocağında da maraq doğurur, Moskva şəhərində iki illik xarici dil kursu keçir. 1987-ci ildə Azərbaycan SSR Təhsil Nazirliyi və Xarici İşlər Nazirliyinin təqdimatı ilə müsabiqəyə buraxılır və o, 20 nəfər namizəd arasındakı müsabiqədə qalib olur, pedaqoji fəaliyyətini davam etdirmək üçün Çexoslovakiyaya göndərilir, buradakı Texniki Universitetində sənət dünyasının incisi olan müəllimlik peşəsində çalışır.
1990-cı ilin yanvar hadisələrində Bakıya qayıtsa da Universitet rəhbərliyinin xahiş və təkidi ilə yenidən işlədiyi təhsil ocağına çağırılır. 1994-cü ildə ondakı elmi uğurlar bir-birini əvəz edir, Slovakiyada doktorluq elmi dərəcəsini qazanır, az müddətdə əldə etdiyi yaradıcılıq diapazonu və metodiki göstəricilərinə görə “professor” elmi adını alır. Azər Fəzi oğlu Çexiya Universitetinin yeganə azərbaycanlı müəllimi, Mavariya Təhsil Komitəsinin rəyi ilə Çexiya dövlət təhsil müəssisələri ilə MDB dövlətlərinin universitetlərinin işini tənzimləyən kordinator–kuratoru təyin edilir və bundan sonra MDB dövlətlərinin ali məktəbləri ilə Çexiya ali məktəbləri arasında qarşılıqlı əməkdaşlıq müqavilələrinin bağlanması və ona nəzarət , tələbə və müəllim mübadiləsi, tanınmış mütəxəssislərin təcrübə kurslarının keçirilməsi işlərinin rəhbəri seçilir. Söhbət zamanı o, bildirdi ki, Avropa, o cümlədən Çexiya universitetləri heç də hər universitetə maraq göstərmir. İnternet vasitəsi ilə davamlı şəkildə universitetlərin nailiyyət və qabiliyyətləri izlənilir, ali məktəblərin elmi potensiyalı  diqqətdən keçirilir, onların cəmiyyətdə tutduğu mövqe, beynəlxalq nüfuzu, təhsilin inkişafı üçün aldığı qrantlar, yerli əhalinin həmin universitetə marağı nəzərə alınır.
Daha sonra  təhsil fədaisi bizi maraqlandıran digər suallara aydınlıq gətirdi.
- Azər müəllim, hansı dövlətlərin təhsil ocaqları çexlərin maraq dairəsindədir?
- Rusiya, Ukrayna və Belarusiyanın tədris ocaqları, elm, mədəniyyət mərkəzləri qoyulan kriteriyalara cavab verir və çexlərin diqqət mərkəzindədir. Xüsusi olaraq rus alimlərinin əsərləri ilə yanaşı elm və təhsilinə maraq böyükdür.
- Azərbaycan elm və təhsili ilə bağlı vəziyyət necədir, əlaqələr varmı?
- Artıq üçüncü ildir ki, Azərbaycanda fəaliyyət göstərən özəl universitetlərlə danışıqlar gedir və demək olar ki, Azərbaycan universitetləri ilə əməkdaşlığın təməli qoyulub. Ölkəmizdəki Arxitektura və Memarlıq, “Odlar Yurdu” və Slavyan Universitetləri daha çox şanslara malikdir.
- Dəqiq elmlər sahəsinin alimi kimi Çexiyada bu sahə üzrə tanınmış elm adamlarımızla əlaqələr qurulubmu?
- Bizim elə alimlərimiz var ki, onların əsərləri  çexiyalı alimlərin stolüstü kitabına çevrilib. Arxitektura  və Memarlıq Universitetinin müəllimi  olan mərhum  Abbas Mustafayev çexiyalı alim, professor M.Doqnalla Brüsseldə tanış olublar. Bu günə kimi onu istedadlı elm xadimi kimi xatırlayırlar. Tanınmış fizik Eldar Məsimovun atom fizikası haqqındakı əsərləri maraqla qarşılanıb və onun  əsərlərinin əksəriyyəti çex dilinə tərcümə olunub.
- Avropanın bir çox iri şirkətləri, institutları, elm mərkəzləri sizin rəhbərlik etdiyiniz yeni təşkilatın modelləri ilə maraqlanır. Nədir bu təşkilat və onun  modelləri?
- Məqsəd  həyatımızın bütün sahələrində “iqtisadiyyat, texnologiya və təşkili” problemlərin kompleks həllinin  optimal variantının seçilməsi modelidir. Bu versiyanın tərtibi və tətbiqi  zamanı  “riyazi imitasion” modellərdən istifadə edilir, bir sözlə  böyük  bir elmi tədqiqat institutunun bir ay ərzində görə bilmədiyi işi dəqiqələr ərzində  bu model vasitəsi ilə həyata keçirmək mümkündür.
- Biz Cənubi Maraviyada Brno Ali Texniki  Universitetinin nəzdində yaradılan, sonralar  Çexiya-Azərbaycan  Elm və Mədəniyyət  Mərkəzi (CASVaK) kimi məhşurlaşan bir mərkəzdə cəmləşmişik. Çex, rus, polyak, macar, belarus, ukraynalı, hətta, dünya şöhrətli Nottingem Universitetindən olan alimlər həmin mərkəzin üzvüdürlər.
- Çexiya-Azərbaycan əlaqələrinin qurulmasında əsas fəaliyyətinizi necə reallaşdırırsınız?
 -- Bu işdə Çexiya-Azərbaycan  Elm Mərkəzinin (CASVaK) gördüyü işlər böyük əhəmiyyət kəsb edir. Hər iki ölkə ictimaiyyətinin, elm adamlarının , universitetlərinin bir-birini daha ətraflı tanımasına  xidmət edən bu mühüm əlaqələrin qurulması və genişləndirilməsi xidmətinə, o cümlədən  uğurlu işlərimizə və fəaliyyətimizə görə hər iki ölkənin dövlət başçıları: Çexiya Prezidenti olmuş prof.Vaslav Klaus; hal-hazırki Prezident cənab Miloş Zeman və Azərbaycan Respublikasının  Prezidenti cənab İlham Əliyev bizə minnətdarlıq məktubu göndərmişdir.
- Siz, bir alim, elm xadimi  olmaqla yanaşı  Azərbaycan Beynəlxalq Diaspor Mərkəzinin Avropa təmsilçisiniz. Bir diaspor rəhbəri olaraq hansı işləri həyata keçirirsiniz? Diaspora anlamı Sizin üçün nədir?
- Diasporun formalaşmasında milli ideya , tarixi yaddaş, dini əqidə əsas götürülən  amildir ki, bu faktorlar  fərqli  etnik mühitdə ərimənin qarşısının alınmasında xüsusi rol oynayır. Assimilyasiyaya qarşı dayana bilməyən xalqlar heç də hamısı diaspor yarada bilmirlər. Birmənalı şəkildə diaspor öz xalqının milli xüsusiyyətlərini daşıyan etnik birlikdir. Bu birliyi fəaliyyətə başladığımız gündən qorumağa var gücümüzlə çalışırıq. Hər işdə həmyerlilərimizə dəstək olmaqla yanaşı dövlətimizin siyasi baxışlarını həyata keçirmək ümdə vacib və  önəmli məsələlərimizdəndir.
- Qəriblikdə sənətinizdən yorulmamısınız?
- Xeyr! İşləyən, müəllim  peşəsində çalışanlar yorulmaz. Axı, əsl müəllim gələcəyə və gəncliyə, yer üzünün əşrəfi olan insanın düşüncə və zəkasına xidmət edir, nur saçır, önəm verir.
- Babanız Məşədi Qasım Hacı Kərim oğlu öz dövründə - Göyçə mahalının ən seçilmiş, sayılmış hünərpərvər kişilərindən olmuş, 1905-1918-ci illər erməni-müsəlman davasında Göycədən Əsgəran qalasına kimi döyüş bölgələrinə rəhbərlik etmiş, Şuşa şəhərində dəfn olunmuşdur. Atanız   Fəzi Məşədi Qasım oğlu  ustad aşıqların vətəni olan  Göyçə ədəbi mühitində böyümüş, saza-sözə böyük maraq göstərmiş, saz sevgili - söz ustadlı sənətkar olmuş, Növrəstə İmanla, Zodlu Abdullayla, Aşıq Nəcəflə, Aşıq Əsədlə  yaxın dostluq etmiş ,Qəmgin təxəllüslü el şairi kimi tanınmışdır. O, Alman-Sovet müharibəsində böyük döyüş yolu keçmiş, igidlik göstərmiş, yaralanmış və nəhayət, “hədiyyə olaraq” doğma ocağı Göyçədən zorla didərgin salınmışdır. Əziz  qardaşınız isə Yasif  Fəzi oğlu Qarabağ müharibəsində şəhid olmuşdur. Köçənlərimizin ruhu şad olsun! Keçənləri  xatırladıq, yad etdik.  Siz, texniki elmlərin bilicisi olan alim, yeddi dildə ünsiyyət quran poliqlot, pedaqoqsuz. Ömrün bu çağında hansı arzu və istəklə yaşayırsız?
- Düşünürəm, yaradıcı insan üçün arzu və istəklər ölməzdir. Demək, yaşamaq və yaratmaq solmaz və sönməzdir! Dedim ki, mən Göyçədə doğulmuşam. Qalıbsa, ( biz  ermənilərin qəbirlərini qoruduğumuza baxma) ulularımızın, əzizlərimizin qəbirləri oradadır, onların tapdağındadır. İnsan keçdiyi həyat yolunda böyük arzu və ümidlərlə yaşayır. Mən də Vətənə, millətə, təhsilə, elmə və elimə-obama etdiyim xidmətlərlə nə zamansa, torpağıma –Göyçəmə qayıtmaq arzusu və ümidi ilə yaşayıram.
- Atanız Qəmgin Fəzinin sözləri ilə desək:
        Başının üstündə ulduzlar yansın,
       Ay öz işığında nura boyansın!
 İstəkləri birgə yaşayaq, arzunuz çin olsun, Azər müəllim!
- Çox sağ olun, qardaşım! Sizə və kollektivinizə uğurlar diləyirəm.
 Sərvan Kərimovшаблоны для dle 11.2





 
 


Reklam
 
Xəbər lenti

 
Təqvim
«    İyun 2019    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930