Quran və onun insanlarla rabitəsi

 
6-12-2018, 10:52            5 820 dəfə baxılıb
 
(“Ya Məhəmməd”) Cəbrailə düşmən olan şəxsə söylə ki, həqiqətən o, (Cəbrail) özündən əvvəlkiləri (Tövratı və İncili) təsdiq edən, möminləri doğru yola yönəldən (onlara) müjdə verən Quranı Allahın izni ilə sənin qəlbinə çatdırmışdır (nazil etmişdir). (“əl-Bəqərə” surəsi, 97-ci ayə)
Həqiqətdə bərabəri olmayan, müqəddəs Quran-i Kərimdən mənbə götürən, mövzu baxımından İslam dininin əsaslarına istinad edilən, İslam Peyğəmbəri Məhəmməddən (s) əxz etdiyi hüdudsuz elm qüdrətilə açıqlayan, ictimai və iqtisadi məsələlərə İslami göstərişlərlə aydınlaşdırıcı istiqamət verən “Nəhcül-Bəlağə” kitabı Əmirəl-möminin Əli ibni Əbu Talibin (ə) xütbələrinin, sözlərinin, öyüdlərinin, vəsiyyətlərinin, hikmətli sözlərinin toplanmasından cəm olunmuşdur.
Bu hikmətləri Şərif Rəzi adı ilə tanınan Əbülhəsən Məhəmməd bin Əbu Əhmədil-Hüseyn Əli ibni Əbu Talibin (ə) nəslindən olub, İmam Museyi Kazımın (ə) oğlu İbrahimin nəticəsi Əhməd  Hüseynin oğludur.
Ana tərəfindən Fatimə (ə) vasitəsi ilə imam Hüseynə (ə) qohumluğu çatır, amma Şərif Rəzi hicri tarixlə 359-cu ildə (miladi 969-970-ci il) anadan olmuş, üsul və ədəbiyyatda çox uca mövqeyə malik olmuş, 383-cü (hicri tarixlə, miladi  999-cu il) Bağdadda seyidlərin hakimiyyət xidmətini öz üzərinə götürmüşdür. “Məcazatul-asareyni-nəbəviyyə”, “Təlxisül-bəyan ən məcazatil-Quran”,”Kitabül-Xəsais”, “Əxbari-quzati-Bağdad” adlı əsərləri, 3 cild risaləsi dünya müsəlmanlarına miras qalmışdır.
Şərif Rəzi Əbülhəsən Məhəmməd bin əbu Əhmədil-Hüseyn hicri tarixlə 406-cı il Məhərrəm ayının 6-da (miladi tarixlə aprel 1015-ci ildə) Bağdadda vəfat etmiş və Kərhdəki evində dəfn edilmişdir.
Şərif Rəzinin ən məşhur kitabı Həzrət Əlinin (ə) xütbə, məktub və sözlərinin cəm edildiyi “Nəhcül Bəlağə”dir. “Nəhcül-Bəlağə”nin insanlara verdiyi istiqamətin bir qolu, insanların bəlağət qapılarının açılması və onlara fəsahət qaydalarının çatdırılmasıdır.
Bu kitabda Həzrət Əli (ə) Quranın ucalığı haqqında belə buyurmuşdur: “Quran - işığı sönməyən  çıraq, dibi bilinməyən dəniz, nuru tükənməyən parlaq şüa, dəlili azalmayan (haqqı batildən) fürqan, (əhlinə) xəstəliklərdən qorxu olmayan şəfa, yardımçıları məğlub olmayan şərəf və izzət, köməkçiləri basılmayan haqdır. Buna görə də, Quran imanın mədəni və mərkəzidir, ədalət bağları isə onun hovuzudur.
Quran elmin seçmələri və elmin dənizidir. Quran İslam binasının daşları və onun sütunlarıdır. O, haqqın səhraları və onun şəffaf gölləridir.
Əmirəl-möminin (ə) Quranın ucalığı barədə buyurduğu bu şirin və bəlağətli kəlmələri sonsuzluğa qədər davam etdirilsəydi, yenə də tükənməzdi. Çünki Quranı nazil edən elm sahibi, heç nəyə ehtiyacı olmayan və hər şeyə qadir olan Allahdır. Onun elmində nə bir nöqsan, nə qaranlıq bir nöqtə, nə də keçilməyən hədd vardır. Belə bir Zatın nazil etdiyi hikmət kitabı öz şərəf və dəyərinə görə heç bir şeylə müqayisə edilə bilməz.
Bu müqəddəs kitab yaradılmışların ən şərəflisi olan insanlar üçün nazil edilmişdir. Bunun özü də Allah tərəfindən insanlara verilən ali dərəcədir.
Quran-i Kərim “Loğman” surəsi 20-ci ayədə buyurulmuşdur: (Ey insanlar!) Məgər Allahın göylərdə və yerdə olanlara (günəşi, ayı, ulduzları və buludları; meyvələri, bitkiləri, dənizləri, çayları, gölləri) sizə ram etdiyini (sizin istifadənizə verdiyini) aşkar (görmə, eşitmə, sağlamlıq) və gizli (əql, şüur, fəhm, elm və s.) nemətləri sizə bolluqla ehsan etdiyini görmürsünüzmü?” 
Min illərdən çoxdur ki, insanlar yer üzünün sakinləridir. Müxtəlif dövrlərdə fərqli inkişaf, mədəniyyət, tarixi və yaşayış adət-ənənələrinə malik olan bu varlıq daimi tərəqqi və inkişafi dəyişkənliyə səy göstərmişdir.
Bəşər sivilizasiyasının inkişafına dəlil olaraq onun maddi texniki nümunələri bu gün də özünün ən yüksək həddini göstərir. Lakin maddi tərəfi inkişaf edən bu varlıq, mənəviyyat və ruhunun inkişafına, təmizlənməsinə laqeyd və biganəlik göstərir. Quran bu hər zaman insanların köməyinə çatır. Zaman və məkan baxımından heç bir sərhəd tanımayan, köhnəlməyən, hər dövrdə mövcud olan aktual problemlərin həllinə həmişə müsbət köməklik edərək, daim müasir qanunların fövqündə durur. Yalnız Quranın hökmlərinə və istiqamətlərinə riayət etməklə inkişafa, kamilliyə və nicata yetişmək mümkündür. Hidayət yolunu göstərən Qurandan başqa heç bir şey bəşər səadətini təmin edə bilməz. “Quran (Allah tərəfindən nazil edilməsinə, Haqdan gəlməsinə heç bir şəkk-şübhə olmayan, müttəqilərə, Allahdan qorxanlara, pis əməllərdən çəkinənlərə) doğru yol göstərən hikmətlə dolu olan kitabdır.” Quran-i Kərim “Loğman” surəsi 3-cü ayədə çox aydınlıqla buyurulmuşdur: “O, (Quran) yaxşı əməllər edənlərə bir hidayət (doğru yol göstərən rəhbər) və rəhmətdir”.
Həzrət Əli (ə) buyurmuşdur: ”Bilin ki, Quran xəyanət etməyən, azdırmayan sadiq bələdçi və yalan deməyən natiqdir”.
Bu Quranla əyləşən elə bir şəxs yoxdur ki, ayağa durarkən hidayət və qurtuluşu artmasın, korluq və azğınlığı azalmış olmasın.
Qurana sahib olan hər bir şəxs başqalarına möhtac olmaz.
Buna görə də xəstəlik və dərdlərinizin sağalmasını Qurana xatir Allahdan istəyin, Allahdan kömək diləyin”.
                    
Hacı Akif Qismət oğlu   
 шаблоны для dle 11.2





 
 


Reklam
 
Xəbər lenti

 
Təqvim
«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031