''Rəis dedi, yazmasa, aparın, tualetdə başını murdarlayın''

 
1-04-2019, 11:42            122 dəfə baxılıb
 
"Saxladıqları otaqda qışqırırdım ki, buranın bir sahibi var, ya yox? Biri gəlsin, desin, məni bura niyə gətirmisiz. Nə cinayətim, nə günahım var? Səsimə şöbənin rəisi özü aşağı düşdü, işçilərinə tapşırıq verdi, məni onun otağına apardılar, sonra lüt soyundurdular. Rəis, həmin şöbədə işləyən bacısı oğlu və digər işçilər – hərəsi bir tərəfdən amansızcasına döydü məni....”.
Quba sakini Rəşid Məmmədov Meydan TV-yə danışır ki, ötən ilin noyabrında rayon polis şöbəsində işgəncələrə məruz qaldıqdan sonra polisə müqavimət ittihamı ilə 10 günlük inzibati həbs cəzasına məhkum edilib.

 "Başımı əyib stola çırpdı, alnımdan qan açıldı”

Rəşid Məmmədovun sözlərinə görə, onu noyabrın 15-də Gürcüstandan qayıdarkən "Sınıq körpü" gömrük -sərhəd keçid məntəqəsində saxlayıblar: "Maşın alveriylə məşğul olub ailəmi dolandırıram. Noyabrın 5-də Gürcüstana maşın hissələri almaq üçün getmişdim. Geri qaydanda Qazaxda - Sınıq körpü gömrük-sərhəd keçid məntəqəsində saxlanıldım. Bildirdilər ki, "stop”um var. Qazax Rayon Polis Şöbəsinə apardılar. Dedilər, səhər Quba polisinə təhvil veriləcəksən. Noyabrın 16-da Quba Rayon Polis Şöbəsinin əməliyyatçıları gəldi, məni təhvil alıb Qubaya götürdülər. Qollarımı qandallamışdılar, nə baş verdiyini soruşanda dedilər, bilmirik, bizə səni Qubaya götürmək əmri verilib, səbəbi orda öyrənərsən... Axşama kimi orada saxlanıldım, tələb edirdim ki, ailəmə məlumat verilsin, ailəm 1 sutkadır məndən xəbər tuta bilmir, xəstə valideynlərim narahatdır. Mən qışqırıb tələblərimi səsləndirəndə rəis müavini Bəhruz Bədəlov gəldi. Qollarım qandallı ola-ola başımı əyib stola çırpdı, "səsini aşağı sal” dedi. Alnımdan qan açıldı, apardılar, ayaqyoluda qanımı yudum”.

"Sürüyüb tualetə apardılar, qanımı yudum”

Rəşid Məmmədovun sözlərinə görə, növbəti gün – noyabrın 17-də günortayadək növbətçi hissənin arxasındakı kamerada saxlanılıb: "Nə yemək, nə su verirdilər. Qollarım qandallı vəziyyətdə saxlayırdılar. Kamerada yanımda bir polis işçisi otururdu, səsimi qaldıran kimi təpiyinin altına salırdı. Günorta yenə qışqırdım ki, evimə xəbər verin, ailəm narahatdır, biri mənə desin ki, mən niyə burdayam. İctimai təhlükəsizlik bölməsinin rəisi Rüstəm Rüstəmov kameraya girdi, məni yerə yıxıb təpiklədi. Mən daha da möhkəm qışqırmağa başladım. Bir də baxdım ki, şöbənin rəisi Süleyman Nemətov başımın üstündə dayanıb. Əməliyyatçılara tapşırdı ki, "bunu mənim otağıma gətirin”. Mülki geyimdə olan iki əməliyyatçı məni rəisin otağına qaldırdı. Məni lüt soyundurdular, sonra Rüstəm Rüstəmov, şöbənin rəis müavini Bəhruz Bədəlov, rəis Süleyman Nemətov və onun bacısı oğlu, şöbədə təhqiqat şöbəsinin Hüseyn adlı rəisi birləşib döydülər. Daha sonra Rüstəm Rüstəmovdan başqa hamı otaqdan çıxdı, otaqdan çıxarkən rəis Rüstəm Rüstəmova dedi ki, əgər görsən dediyini yazmaq istəmir, çox əziyyət çəkmə, xəbər elə, aparsınlar, tualetdə başını murdarlasınlar, onda tez yazar... Qulağımdan, ağzımdan, alnımdan qan açılmışdı. Bütün bədənim ağrıyırdı. Rüstəm Rüstəmov qarşıma qələm, kağız qoydu, dedi, bir üzrxahlıq yaz, iş bitsin, sən də çıx get evinə... Yaz ki, şöbədə polisləri təhqir etdiyimə, özümü divarlara çırpıb öz bədənimə xəsarət yetirdiyimə görə polis əməkdaşlarından üzr istəyirəm. Mən etiraz elədim, dedi, özün bilərsən, gördün ki, rəis nə tapşırdı, yazmasan, tualetə aparıb başına oyun gətirəcəklər. Baxdım ki, bunlardan hər şey gözləmək olar, məcbur olub istədiklərini yazdım. Guya şöbəyə gələndə polisləri söyüb təhqir eləmişəm, divara çırpılıb özümə xəsarət yetirmişəm və bütün bunlara görə polis əməkdaşlarından üzr istəyirəm... Bunu yazandan sonra paltarlarımı geyindim, getdim, ayağıma dubinkayla vurmuşdular deyə, gəzə bilmirdim, sürüyüb apardılar, tualetdə əl-üzümün qanını yudum. Aparıb təzədən birinci mərtəbədəki kameraya saldılar”.

"102 xidməti ailəmi aldadıb”

Rəşid Məmmədov deyir, hələ Qazaxda polislər tərəfindən saxlanılaraq şöbəyə aparılmasının şahidi olan bir tanış onun ailəsinə məlumat verib. Ailə üzvləri onu əvvəl Qazax polisində axtarıb, daha sonra DİN-in 102 xidmətinə zəng vurublar: "Ailəmi aldadıblar ki, guya mən Quba polisinə gətiriləndən bir neçə saat sonra sərbəst buraxılmışam. Ailəm də məni başqa istiqamətlərdə axtarmağa başlayıb. Sonra təsadüfən xəbər tutublar ki, mən hələ də şöbədəyəm. Heç birini şöbəyə yaxın buraxmayıblar. Noyabrın 17-də məni lüt eləyib döyəndən sonra dediyim kimi, birinci mərtəbədəki kameraya atdılar. Növbəti gün həftənin bazar gününə düşürdü. Halsız idim, bütün bədənim ağrıdan sızıldayırdı, həmin gün yerimdən tərpənə bilmədim. Noyabrın 19-da yenə qələm-kağızla gəldilər ki, dediyimizi yaz, çıx get evinə...”

"Bu dəfə də hansısa oğurluğa görə izahat yazdırdılar”

Bu dəfə Rəşid Məmmədova rayonun Qırmızı qəsəbəsində baş vermiş oğurluqla bağlı izahat yazdırıblar: "Sahib və Emin adlı əməliyyatçılar kameraya gəldilər, yazdırdılar ki, iyunun 26-da Qırmızı qəsəbədə baş vermiş oğurluqdan xəbərim yoxdur, məlumatım olsa, polisə bildirərəm. Ancaq bu dəfə də aldatdılar. Mən evimə buraxacağımı gözləyirdim, ancaq məhkəməyə aparıldım. Quba Rayon Məhkəməsində hakimə başıma gələnləri danışsam da, baxdım ki, qərar çoxdan hazırdır. Hakim iki gün əvvəl mənə işgəncə altında yazdırılan üzrxahlığa əsaslanıb 10 günlük inzibati həbs cəzası kəsdi”.

Xəsarətlər həkim tərəfindən rəsmiləşdirilib

Rəşid Məmmədov deyir, polis şöbəsində saxlanılarkən səhhətinin pisləşməsinə görə həkim tələb etsə də, şöbəyə həkim çağırılmayıb. Məhkəmədə ailə üzvləri onun durumunu görüb təcili yardım çağırıblar. Təcili Yardım Rəşid Məmmədovun üzərindəki xəsarətləri sənədləşdirib. Rəşid Məmmədov İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsiylə - polis işçisinin qanuni tələbinə qəsdən tabe olmama ittihamıyla 10 günlük inzibati həbs hökmü çıxarılıb. Bundan iki gün sonra – noyabrın 21-də atası Mustafaqulu Məmmədov Quba Rayon Prokurorluğuna müraciət edib. Bu il yanvarın 28-də Quba Rayon Prokurorluğu qərar çıxarıb ki, Rəşid Məmmədovun polis şöbəsində işgəncəyə məruz qalması ilə bağlı dedikləri sübuta yetirilmədiyi üçün cinayət işinin başlanması rədd edilib. 


Quba Rayon Polis Şöbəsindən bildirilib ki, ötən il iyunun 14-dən 15-nə keçən gecə Qırmızı qəsəbə sakini Yefim Yadadiyevin evindən 70 min mantlıq qızıl-zinət əşyaları oğurlanıb. Bu fakt üzrə Quba Rayon Polis Şöbəsində cinayət işi başlanıb. Rəşid Məmmədovun həmin cinayətdə şübhəli olması barədə əməliyyat məlumatı daxil olub. Bu əməliyyat məlumatı daxil olarkən – yəni ötən ilin noyabrında Rəşid Məmmədovun ölkə xaricində olduğu müəyyən edilib və barəsində "saxla” əmri verilib. Noyabrın 15-də Gürcüstandan Azərbaycana keçərkən Qazax gömrük postunda saxlanılıb. Noyabrın 16-da əməliyyatçılar tərəfindən Quba polis şöbəsinə gətirilib. İzahatı alındıqdan sonra şöbədən buraxılıb. Noyabrın 17-də axşam saat 7 radələrində şöbəyə gələrək səs-küy salıb, həmin vaxt şöbədə xidmətdə olan polis nəfəri Fərhad Rəhimovla mübahisə edib, onu intizama dəvət edən növbətçi Mətin Kərimovun və İctimai Təhlükəsizlik Bölməsinin rəisi Rüstəm Rüstəmovun qanuni tələblərinə məhəl qoymayıb, özünü divara vuraraq başına və bədəninə xəsarətlər yetirib. Həmin gün inzibati qaydada tutulub və barəsində protokol tərtib olunub. Noyabrın 19-da məhkəmə barəsində 10 günlük həbs qərarı çıxarıb. 


 Rəşid Məmmədov başına gələnlərlə bağlı həm prezidentə, həm daxili işlər nazirinə, həm də Baş Prokurorluğa müraciət edib, müraciətləri cavabsız qalıb: "Mən rayon prokurorluğuna müraciətimdə şöbənin dəhlizlərindəki kameraların yaddaşını araşdırmağı tələb etmişəm. Mənə bildirilib ki, həmin gün kameralar işləməyib. Halbuki, məni hər dəfə döyəndən sonra tualetə aparanda, həmin kameraların yaddaşına düşüb. Kameraların araşdırılmasını iki şeyə görə istəyirəm, həm mənə olan işgəncəni sübut etmək üçün, həm də kameranı açsınlar, görək, mən harda özümü divara çırpmışam, özümə xəsarət yetirmişəm...” Rəşid Məmmədov ölkə başçısından və Baş prokurordan başına gələnlərin nəzarətə götürülməsini istəyir.

Miq.Az

шаблоны для dle 11.2





 
 


Reklam
 
Xəbər lenti

 
Təqvim
«    İyul 2019    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031