Vətən sərhəddən başlayırsa... Sarıbaşın taleyini niyə düşünməyək?! - FOTOLAR

 
25-06-2018, 13:30            2 590 dəfə baxılıb
 Sarıbaş Azərbaycanın şimali-qərbində və Böyük Qafqaz dağlarının cənub ətəyində yerləşən Qax rayonunun ən qədim sərhəd kəndlərindən biridir. Bu kənd dəniz səviyyəsindən 1800 m hündürlükdə, Yamac dağının ətəyində olan talada yerləşmişdir.  Sarıbaşın ərazisi  Yamaс, Ağbulaq, Karal, Qaraqaya, Alagöz və Qarşı dağlarının yüksək zirvələri ilə əhatə olunmuş, cənubdan isə İlisu torpaqları ilə sərhədlənir. Lakin, yaşayış məskəninə məxsus əksər təbii atributların bu ərazidə mövcudluğu göz önündədir: - ərazinin relyefi nisbi rəvandır, ərazi sərhədləri xarici hücumlardan təbii qorunma relyefinə malikdir, əraziyə giriş yolu yalnız bir tərəfdən mümkündür, ərazi güneydədir, içməli suyu var, çox geniş örüş-otlaqları, çovdar, arpa, darı və s. kənd təsərrüfatı məhsulları becərmək üçün şəraiti var, əsasən palıd ağacı bitən meşələr (oduncaq və tikinti materialı üçün) yaxınlıqdadır, qar uçqunu qorxusu yoxdur, sazaq küləklərdən qorunur. Alimlər bu dağlarda 1000-dən çox bitkinin olduğunu göstərirlər. Meşələri zəngindir(dəmirağac, palıd, vələs, atağar, qarağac, cökə, gövrüc, ağcaqayın, küknar, toz, korfındıq, qovaq, söyüd, qəm və s.). Bu dağlar ən qədim zamanlardan bəri, ətirli və vitaminli yeməli otları (cincar, yağlıca, balba, xəlyar, qazayağı, cincilim, əvəlik, yarpız, kəklikotu, quzuqulağı, boymadərən, baldırğan, gəlinbarmaq, pendirçiçəyi, ağgöbələk və s.) və meyvələri ilə (əzgil, alça, alma, cır alma-armud, qoz, zoğal, şabalıd, moruq, böyürtkən, yemişan, zirinc(sına), göyəm və s.) insanları yedizdirib doyuzdururdu.
     Azərbaycanın tarixi torpaqlarının şimal sərhədlərində yerləşən ən ucqar yaşayış məntəqəsi olan Sarıbaş kəndi və Sarıbaşlılar tarixən bir çox tarixçilərin, etnoqrafların, səyyahların, hüquqşünasların, həkimlərin, bioloqların və s.(A, Poserbski, A. Fon Plotto, M. Canaşvili, V. Stepakov, J. Yemelyanov, P. Uslar, A. Şabliyevski, A. Berje, K.Kan, A.Lilov və başqaları) diqqətini özünə cəlb etmişdir.
Sarıbaş sözünün mənası Sarıbaş kəndinin coğrafi mövqeyinə çox uyğundur. Çünki, Qax ərazisində, Sarıbaşdan daha yüksəkdə, daha şimalda olan başqa bir yaşayış yeri yoxdur. Sarıbaş kəndi eramızdan əvvəl təqribən IV-II əsrlərdə formalaşaraq, eramızın VIII əsrində ərəb xilafəti tərəfindən işğal olunan Alban dövlətinin tərkibinə daxil idi.
Bu mülahizəni, Sarıbaşa çatmamış, onun iki kilometrliyində yerləşən və İlisudan isə Sarıbaşa tərəf 4 kilometrlikdə olan “Eskikəndin” qalıqları sübut edir. Ehtimallara görə, bu köhnə kəndin adı “Sarvagel” olmuşdur. “Eskikənd”in üzərindəki dağın sıldırımında, 1700-1800 m dəniz səviyyəsindən hündürlükdə Albaniya dövrü istehkamlarına məxsus bir qalanın qalıqları qalmaqdadır. Bu ərazidə qala ilə yanaşı qalıqları bu gün də qalmaqda olan maraqlı abidələrdən biri də “Səngər”dir. Bu abidənin adı Sarıbaşın tarixini tədqiq edən tarixçilərdən K. Kan, A. Poserbski, A. Fon-Plotte, J.Lineviç və başqalarının yazılarında qeyd olunur. Səngərin qarşısında olan düzəngahı Sarıbaşlılar “Eski kəndin düzü” adlandırırlar. “Səngər”in çox əlverişli bir yerdə yerləşməsi səngərdə olanlara buraya hücum edən atlı və piyada düşməni qırıb məhv etmək imkanı verirdi. Tarixçi Fon-Plotto yerli əhalinin o zamankı xatirələrinə əsasən yazırdı ki, təxminən 1555-ci ildə gürcü qoşunları Sarıbaşa basqın etdikləri zaman neçə dəfə bu səngərin üzərinə hücum etsələr də, onu keçə bilməmiş və dağların zirvəsiylə keçərək Sarıbaşın söykəndiyi Yamac adlanan dağdan enib Sarıbaşa hücum etmiş və onun məscidini dağıdıb yandırmışlar. (həmin dövrdən bu dağ “Gürcüqoşun” adlanır). O vaxt məsciddə namaz üstündə olan yüzlərlə Sarıbaşlı qətlə yetirilmişdir. Belə bir soyqırımın baş verdiyi bu yeri Sarıbaşlılar “Şeddıx” yəni “Şəhidlik” yeri adlandırırlar. VIII əsrdə Albaniya üzərinə hücum etmiş ərəb xilafəti onun şəhər və kəndlərini darmadağın edərək yerli əhalini İslam dinini qəbul etməyə məcbur etmişdir. O vaxtlar bu ərazidə məskunlaşan tayfaların əksəriyyəti türk mənşəli olsalar da onlar xristian dininə etiqad edirdilər. Xalq arasında söylənən rəvayətlərə görə, ərəblər Qaxın ərazisini zəbt etdikdən sonra Sarıbaş dərəsindən Dağıstana keçmək qərarına gəlirlər. Onların qoşunları Sarıbaş istiqamətində hərəkət edərkən, işğalçılar “Eskikənd”də (“Sarvagel”də) yerli əhalinin güclü müqaviməti ilə rastlaşırlar(Sarvagel sözünün mənası qədim türk dilində “Sarvaq”-saray mənasını və “gel” isə “el” mənasını verməklə “Saraylı el”, “Qalalı el” deməkdir). Bir neçə gün davam edən döyüşlərdə “Eskikənd” qalası və səngər divarları darmadağın edilib. Yerli əhalinin böyük bir hissəsi qırğına məruz qalır və sağ qalanlar İlisunun indi Tövlətala adlanan hissəsində və İlisuda yeni məskunluq yeri tapırlar. Tarixi faktlara görə (A. Fon-Plotte) Eskikəndi fəth edən ərəb sərkərdəsi Abu Müslüm bu kənddən 2 km yuxarıda yerləşən və indiki Sarıbaşın mövcud olduğu talada yaralı və haldan düşmüş əsgərlərinin dağ aşırımını keçə bilməyəcəyini nəzərə alaraq, onları orada qoyub getməyi qərara alır. Lakin, onları başlı-başına, ərzaqsız və himayəsiz qoymamaq üçün, yaxınlıqda olan yaşayış məkanından yerli əhalinin oraya köçürülməsinə sərəncam verir. O zaman bu günkü Sarıbaşlıların sələfləri olan əhali “Qarşı dağ”-ın “Qızılbulaq” yaylasında, Sarıbaşlıların “Qabırrı arxac” və yaxud “Məçitti” adlandırdıqları yerdə məskunlaşan “oğuz” tayfaları idi. Ərəb sərkərdəsinin əmri ilə həmin yaşayış yerində olan evlər dağıdılır və yerli əhalı indiki Sarıbaşın yerləşdiyi məkana köçürülməli olur. Bu rəvayəti eyni ilə 1380-1390-cı illərdə Əmir Teymurun bu ərazidən keçərək Dağıstana səfəri ilə də əlaqələndirirlər. “Sarıbaş” və “Sarıbaşlı” sözlərini hər cür təhlil etmək olar. Lakin, bunların hamısında belə bir nəticəyə gəlmək olar ki, bu sözlər türk mənşəlidir.
Elə Sarıbaşlılar da özlərini mənşəcə başqa xalqlarla qatqısı olmayan və birbaşa təmiz kökdən gəlmə oğuz tayfalarının törəmələri hesab edirlər. Buna əsas verən tarixi faktlardan birisi Sarıbaşın qərbində yerləşən Qarşı dağında hələ də qalmaqda olan qədim oğuz qəbiristanlığıdır.
 Bu heç də təsadüfi deyil ki, “Kitabi Dədə Qorqud” dastanında “Qarşı” dağının adı dəfələrlə çəkilir. Bu dağda yerləşən “Qabırlı arxac” və “Oğuz qəbirləri” adlı qəbirstanlıqda olan qəbirlərin bir çoxu itmək üzrə olsalar da dörd nəhəng qəbir tarixin qaranlıq səhifələrinə böyük aydınlıq gətirir. Qəribəsi odur ki, bu qəbirlərdəki skeletlərin ölçüləri müasir  dövr üçün  xarakterik deyildir. Skeletlərin uzunluğu 2,0 m civarindadir, sümüklər kifayət qədər calğadır! Qəbirlərin inşa forması, ölçüləri, oraya cəsədin yerləşdirilməsi, skeletin özünün qeyri-adi ölçüləri və s. bu qəbirlərin, Yer kürəsinin başqa yerlərində, xüsusən də Altayda rast gəlinən və qədim, ”göy türklər”ə məxsus qəbirlərlə müqayisəni ortaya atır.                                                                                                                
Sarıbaşın tarixi və Sarıbaşlıların mənşəyi barədə xəbər verən bir çox tarixi sənəd və dəlillər həyatdan silinib getsə də qalmaqda olan çoxlu faktlar mövcuddur. Bunlardan biri yerli əhalinin özünə məxsus və Sarıbaşın 6 km-də yerləşən İlisu camaatından çox fərqlənən  danışıq dialektinə, adət və məişət qaydalarına malik olmasıdır. Türk alimləri bu dialektin Anadolu türklərinin dialektinə çox yaxın olduğunu təsdiq edirlər.
Digər fakt onunla bağlıdır ki, kənddə olan bütün evlərin, tikililərin memarlıq üslubu klassik türk memarlıq ənənələri ilə üst-üstə düşür. Hamar çay və kəsilmiş qaya daşlarından inşa edilmiş ev və tikililərin memarlığında zəlzələyə qarşı inşa edilən memarlıq elementləri və bu evlərin ornamenti xüsusi diqqət cəlb edir  (D. Axundov,  Memarlıq, Bakı, 1987).
Kəndin bu gün də qalmaqda olan mədrəsəsi, karvansarayı(qonaq evi), qədim hamamın qalıqları, bütün ərazini əhatə edən qapalı kanalizasiya şəbəkəsi, uca minarəsi olan iki mərtəbəli möhtəşəm məscidi Sarıbaşın inkişaf etmiş yaşayış məntəqəsi olmasından xəbər verir. Sarıbaşa son illərdə səfər edən türk tədqiqatçıları və ilahiyyat alimlərinin fikrinə görə, bu kənd orta əsrlərdə şəhər tipli yaşayış məntəqəsi omuşdur. Bunu bir daha Sarıbaşın bizə çatmış abidələr kompleksi təsdiq edir.
Türk dilli xalqların tarixi köklərinin dərinliyini sübut edən və onu dünyada şöhrətləndirən “Kitabi Dədə Qorqud” dastanının boylarında olan və adları çəkilən toponimlərdə səslənən yer, bitki, heyvan və su adları da Sarıbaşın tarixi haqda maraqlı faktlar, ehtimallar, təşbehlər və elmi məntiqi nəticələr əldə etməyə əsas verir.(R.Tahirzadə. “Sarıbaş və Sarıbaşlılar”. Bakı 2013, “Elm və təhsil nəşriyyatı”).
 Eyni zamanda, Oğuz ellərinin ilk böyük şairi, xalq ozanı, sufizm fəlsəfəsinin daşıyıcısı Yunis Əmrənin dəfn olunduğu Oncalı kəndi və bu kəndlə qonşu olan Tanqıt, Qıpçaq, Calayer, Qorağan kəndlərinin Sarıbaşdan 30-35 km-lik məsafədə yerləşməsi ondan xəbər verir ki, təkcə Sarıbaş deyil, bütövlükdə Qaxın ərazisi qədim türk tayfalarının, yəni oğuzların məskunlaşdığı bir məkandır.
Prof. R. Tahirzadənin elmi mülahizələrinə görə Sarıbaşın tarixində qədim türk xalqı olan Hunların (II-V əsrlər) da izlərini təsdiq edən dəlillər mövcuddur. O, qeyd edir ki, Azərbaycandan Rusiya ərazisinə (Dağıstan) çox əlverişli olan iki keçid vardır: - “Ağ bulaq” və “Gönəxay” keçidi. Sarıbaşlılar hələ də, Gönəxay keçidini “Hun beli”, Ağ bulaq keçidini isə “Hun-bol” adlandırırlar. Rəvayətlərə görə bu yer adları Sarıbaşdan keçərək Dağıstana həmlə edən hunların tarixi ilə bağlıdır.
Tarix boyu bu keçidlərdən keçən işğalçılar, özü boyda abidə olan Sarıbaşı tarixin bir lövhəsi kimi yaddaşlara köçürmüşlər.(K.Kan. İzvestiya.”drevnix i rimskix pisateley o Kavkaze”. Tiflis 1884 q.)
Sarıbaş dərəsi ilə həmsərhəd olan Dağıstanın Samur dərəsinin yuxarı hissəsində yaşayan əhalinin əksəriyyəti (ləzgilər, saxurlar və.s) Sarıbaş dərəsi vasitəsilə Azərbaycanla ticari-iqtisadi əlaqələr saxlayıblar. Onlar, ən azı, ildə iki dəfə, yazda və payızda bu dərədən keçərək, arana və yaylağa, köç ediblər. Bunun da, nəticəsində ləzgilərlə sarıbaşlılar arasında çox sıx həyati əlaqələr yaranıb. Bu əlaqələrin özəyini dostluq, düzlük, etibar təşkil edirdi, çünki, həyat onları bir-birilərinin hörmətini saxlayaraq, bir-birilərinə kömək etməyə “məhkum etmişdi”. Lakin, düşmənçilik də, yox deyildi. Xüsusən də, saxurlular, zaman-zaman təkrarlanan öz ərazi iddiaları ilə, Sarıbaş dərəsində yaşayan türklərin bütün ətrafda hökm-fərman olub dinc firavan yaşamasını qəbul etmirdilər. Lakin, Sarıbaşlılar bu qonşu təzyiqlərinə qarşı möhkəm dururdular, bütün həyati-məişət çətinliklərinə sinə gərib davam gətirirdilər və çox zaman konfliktli hallardan qalib çıxırdılar.
     Miladın IV əsrdə Sasanilər Albaniya üzərinə hücum edərkən, onlar Sarıbaşı da fəth etmişlər (bunu Eskikəndin və Sarıbaşın ərazisində mövcud olan abidə qalıqlari sübut edir).   VIII əsrdə Qafqazı işğal edən ərəblər Sarıbaşın ictimai-siyasi həyatinda dərin izlər qoymuşlar. IX-X əsrlərdə Səlcuqların hökmüranlığı dövründə Saribaş onların diqqətindən yan keçməmiş, XI-XII əsrlərdə isə gürcü  çarı III Giorgun və Tamaranın arasıkəsilməz basqınlarına məruz qalmışdır.  1220-1231-ci illərdə Xarəzm şahlığının vəliəhdi Cəlaləddin Minqburnu buraları talıyaraq Dağıstana keçmisdir (təsadüfi deyildir ki,  Sarıbaşda bu gün də mövcud olan Calayer dağının adı həmin hadisə ilə bağlıdır). 1390-ci illərdə böyük türk cahangiri Teymurun qoşunları Sarıbaşdan adlıyaraq Dağıstanı fəth etmişlər. 1616-1617-ci illərdə İran şahı Böyük Şah Abbas bu bölgəni zəbt edərkən Sarıbaşın atlı dəstələri, onlarla igidcəsinə vuruşan müqavimət qüvvələri olmuşlar. Bir çox mənbələrə görə 1740-1741-ci illərdə Nadir şah İlisuda və Saribaşda olarkən İlisunun Sumu qalasını insa etmişdir.
Tarix boyu buralardan keçmiş olan işğalçılar Sasanilər, Ərəblər, Monqollar, Teymurləng, Nadir şah, Rusiya dövlətinin özü Sarıbaşlıların  adətlərini dəyişdirib  onlari öz dövlətlərinin yazılı qanunları ilə əvəz etmək üçün çox çalışmışlar. Lakin onların cəhdləri heç bir nəticə verməmişdir. Xalqın yaratdığı qanunlar məhz bu adətlərdə min illər yaşamışdır.
 Sarıbaşlılar mövcud olduqları  tarixdən Sovet  dövrünə qədər  müstəqil  və  azad  camaatlılıq hüququnu  özlərində  qoruyub  saxlaya  bilmişlər. Hətta  300  illik  İlisu  sultanlığı  və  Sarıbaşdan  şimalda  yerləşən Saxur  xanlığı  ilə  münasibətlərini  qarşılıqlı  əməkdaşlıq müqavilələri  əsasında  quraraq,  onların  siyasi  quruluşuna  daxil  olmamışlar.      
     Sarıbasın XIX əsrdəki ictimai qurulusunu öyrəndikdə onun qədim zamanlardakı sosial həyatı haqqında da müəyyən təsəvvür əldə etmək olur. Çar üsul-idarəsi bu diyarı Rusiyaya birləşdirildikdən sonra burdaki sosial-siyasi quruluşu dalbadal verilən fərmanlarla kökündən dəyişdirib rus sosial idarəçiliyinə döndərmək üçün çox çalışmışdı. Lakin əslində uzun illər buraların yerli sosial-siyasi idarəciliyində əhəmiyyətli bir dəyişikliyə nail ola bilməmişdi.
   
Sovetlər dövründə bu kənd və onun kolxozu Qax rayonunun ən abad və iqtisadi cəhətdən inkişaf etmiş inzibati vahidlərindən biri idi. İqtisadi nailiyyətlərinə görə kolxoza Lenin ordeni, iki nəfərə isə “Sosialist əməyi qəhrəmanı” adı verilmişdi. Kəndin özünün 1949-cu ildə tikilib başa çatmış su-elektrik stansiyası, 50-ci illərin sonunda inşa edilmiş 20 siniflik orta məktəbi, 500 yerlik müasir mədəniyyət evi, 12  çarpayılıq müasir xəstəxanası, poçtu və teleqrafı, kənd soveti və kolxoz idarəsi üçün inşa edilmiş inzibati binaları var idi və hal hazırda da qalmaqdadır.
Böyük Vətən müharibəsi başlayanda Sarıbaşdan müharibəyə 184 kişi və 10 nəfər gənc qız səfərbər edilmişdi. Onlardan 38 nəfəri cəbhədə həlak olmuş , 41 nəfəri itkin düşmüş, 7 nəfəri haqda isə heç bir xəbər gəlməmişdir.
Müharibədə göstərdiyi sücaətinə görə bir nəfər - Rüstəmov (Babayev )   Əlisoltan Hacıbaba oğlu, “Sovet İttifaqı Qəhrəmanı” adına təqdim olunmuşdu.
 Qarabağ  müharibəsində  Sarıbaşdan  14  igid  şəhid  olmuşdur.
 XX əsrin sonlarında - 90-cı illərdə yeni quruluşun yaranması, kolxozun dağılması ilə işsizliyin baş verməsi və nəqliyyat yollarının çətinliyi ucbatından Sarıbaş və sarıbaşlıların ağır günləri qaçılmaz oldu. Orada vaxtilə məskunlaşan 300-350 ailədən cəmi 24 ailə qalmış, əhali hərə bir yana köçüb getmiş, kənddə qeyri-adi vəziyyət yaranmışdır. Müxtəlif (təklif olunmuş və bir daha təklif etməyə hazırıq) lahiyələr əsasında hələ tam dağılmayan  Sarıbaşı yenidən özünə qaytara bilərik!  Vaxtı ilə Vətənə 20-dən çox alim yetirən bir kəndin bu gün boşalması və kənddən gənclərin getməsi səbəbləri araşdırılmalı, əlaqədar təşkilatlar – dövlət orqanları cox ciddi narahat olmalıdır. Əgər, biz - hamılıqla bugünki  Vətənin taleyini düşünürüksə, Vətən sərhəddən başlayırsa..., Sarıbaşın taleyini niyə düşünməyək?!
                                           Amin Babayev
               Kənd təsərrüfatı elmləri doktoru, professor, Vahid Dünya   
 Mükafatı (OWA) qalibi, Əməkdar müəllim, Əməkdar elm xadimi





         шаблоны для dle 11.2





 
 


Reklam
 
Xəbər lenti

 
Təqvim
«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031